Skolioz Korseti Nə Vaxt İstifadə Olunur və Nə Üçün Taxılır?

Skolioz Korseti Nə Vaxt İstifadə Olunur və Nə Üçün Taxılır?

Skolioz korseti nə vaxt istifadə olunur?

Skolioz aşkar edildikdə ilk suallardan biri “korset lazımdırmı?” olur. Bunun cavabı yalnız rentgendə yazılan dərəcədən asılı deyil. Əyriliyin ölçüsü ilə yanaşı uşağın yaşı, böyümə mərhələsi və əyriliyin zamanla dəyişib-dəyişməməsi də nəzərə alınır.

Xüsusilə böyüməsi davam edən uşaqlarda və yeniyetmələrdə korset əyriliyin irəliləməsinin qarşısını almaq məqsədilə istifadə olunur.

Skoliozun neçə dərəcəsində korset taxılır?

Ümumi yanaşmada 25°-dən yuxarı və 40–45°-ə qədər olan əyriliklərdə, böyüməsi davam edən uşaqlarda korset müalicəsi əsas konservativ müalicə üsullarından biridir.

25°-dən aşağı əyriliklərdə isə korset qərarı avtomatik verilmir. Əyriliyin vəziyyəti, uşağın böyüməsi və irəliləmə riski qiymətləndirilməlidir. Bu mərhələdə müşahidə və skolioza-spesifik məşqlər müalicə planının bir hissəsi ola bilər.

Yəni yalnız “15°-dir” və ya “22°-dir” deməklə müalicə haqqında qərar vermək düzgün deyil.

Korset onurğanı düzəldə bilərmi?

Bəli, korset taxıldığı zaman onurğa əyriliyində korreksiya yarada bilər. Lakin korsetin əsas məqsədi böyümə dövründə əyriliyin daha da irəliləməsinin qarşısını almaqdır.

Korset çıxarıldıqdan sonra əldə olunan korreksiyanın müəyyən hissəsi geri qayıda bilər. Buna görə müalicənin yalnız korsetin üzərində qurulması düzgün yanaşma deyil.

Niyə korsetlə yanaşı məşqlər də vacibdir?

Skoliozda müalicənin məqsədi yalnız onurğanı korsetlə müəyyən vəziyyətdə saxlamaq deyil.

Skolioza-spesifik məşqlər bədənin korreksiyaya uyğunlaşmasına, əzələ nəzarətinin və dayanıqlığının inkişafına kömək edə bilər. SOSORT korset müalicəsinin skolioza-spesifik məşqlərlə birlikdə aparılmasını tövsiyə edir və bunun korset müalicəsinin təsirini dəstəkləyə biləcəyini bildirir.

Bu səbəbdən praktik yanaşma belə düşünülə bilər:

Korset → korreksiyaya və əyriliyin proqressiyasına nəzarət
Məşqlər → əzələ nəzarəti, stabillik və funksional dəstək

Korset dayandırıldıqda skolioz yenidən arta bilərmi?

Korset çıxarıldıqdan sonra əvvəlki vəziyyətə müəyyən qədər qayıdış mümkündür. Xüsusilə böyümə dövründə müalicənin məqsədi yalnız müvəqqəti düzəlmə yaratmaq deyil, əyriliyin irəliləməsinin qarşısını almaqdır.

SRS də korset dayandırıldıqdan sonra əsas gözləntinin əyriliyin başlanğıc səviyyəsində və ya nəzarətdə saxlanması olduğunu qeyd edir.

Buna görə korset + düzgün məşq proqramı + mütəmadi nəzarət birlikdə düşünülməlidir.

Nəticə

Skolioz korseti hər pasiyent üçün eyni şəkildə tətbiq edilmir.

25°-dən yuxarı əyriliklərdə, xüsusilə böyüməsi davam edən uşaqlarda korset müalicəsi mühüm yer tutur. 25°-dən aşağı əyriliklərdə isə qiymətləndirmə xüsusilə vacibdir və müşahidə, skolioza-spesifik məşqlər və digər yanaşmalar vəziyyətə uyğun seçilə bilər.

Ən yaxşı nəticə yalnız korseti taxmaqdan deyil, əyriliyə uyğun hazırlanmış korset, düzgün məşqlər və mütəmadi nəzarətin birlikdə aparılmasından asılıdır.

Tövsiyə olunan xidmət

Skolioz Korsetləri

Ətraflı bax

Tez-tez Verilən Suallar